Paylaş

Türk Dövlətləri İqtisadi Forumunun açılış mərasimi baş tutdu.

02 may 2024

Xəbərlər

Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkədə “Türk Dövlətləri İqtisadi Forumu” keçirildi.
Forumun açılış mərasimi İlham Əliyevin türk dünyasına aid fikirlərini əks etdirən video çarx ilə başladı. Daha sonra Türk Dövlətləri Təşkilatının baş katibinin köməkçisi Ömər Kocamanın forum iştirakçılarına müraciəti nümayiş olundu.
Ümumilikdə KOB Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərovanın moderatorluğu ilə baş tutan açılış mərasimində Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Türkiyə Respublikasının keçmiş Təhsil Naziri, hal-hazırda Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri Mahmut Özer xüsusi qonaq qismində çıxış etdilər. Daha sonra forum panel müzakirələri ilə davam edib. “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi” adlı birinci panel millət vəkili Nigar Arpadarainin moderatorluğu ilə baş tutub. Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Cahid Bağçı, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzvü, millət vəkili Cavanşir Feyziyev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, TADİV rəhbəri Aygün Attar, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və Prof.Dr.Mustafa Aydın panel müzakirəsində spiker qismində çıxış ediblər.
Forum türk dövlətləri arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyır.
Forumda “Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını - Qadın sahibkarlığının inkişafı”, “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı 3 panel də keçirilib. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş mütəxəssislər çıxış edib. Ümumiilikdə forumda qonaq qismində çoxsaylı dövlət rəsmisi, türk dövlətlərindən millət vəkilləri və s. şəxslər iştirak edib.
Forum Kapital Bank, Caspian Kapital Group, Unimetal və Gemza Holdingin maliyyə dəstəyi, CEO Platform, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB), Türk Dünyası Tarım Birliyi və Yazılım Sanayicileri Dərnəyin (YASAD) OSTİM Organize Sanayi Bölgesinin (OSTİM) təşkilati dəstəyi ilə keçirildi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də (KOBİA) forumun rəsmi tərəfdaşlarından biri idi.
Forum çərçivəsində 12 şirkət öz stendlərində məhsul və xidmətlərini sərgiləyib.
Qeyd edək ki, tədbirdə ümumilikdə 600-dan çox yerli və xarici sahibkarlar, media nümayəndələri, iş adamları və rəsmilər iştirak edib. Forum hər il müxtəlif türk dövlətlərində davamlı olaraq keçiriləcək.

Digər xəbərlər

Hacı Nuran KOBSKA ofisini ziyarət edib

17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.

Xəbərlər

17 oktyabr 2024

Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq suyektlərinin rəhbərləri ilə görüşüb. Görüşün əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda qaçqın və məcburi köçkünlərin təhsil imkanlarının yaxşılaşdırılması və bu sahədə özəl sektorun rolunu artırmaqdır. Həmçinin, bölgədə maarifləndirmə tədbirləri və təqaüd proqramlarının təşkil edilməsi, gənclərə innovativ və texnoloji biliklərin öyrədilməsi müzakirə edilib.

Xəbərlər

16 oktyabr 2024

INSME-nin təsisçisi və "Rotary International" təşkilatının nümayəndələri KOBSKA ofisini ziyarət edib

11 oktyabr tarixində INSME-nin (Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkə) təsisçisi və "Innovation Business Development" (İnnovasiya Biznesinin İnkişafı) şirkətinin qurucusu və rəhbəri Dr. Hamsa Thota, eləcə də "Rotary International" təşkilatının nümayəndələri Bəhram Atabəyli və Nigar Atabəyli Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət ediblər.

Xəbərlər

11 oktyabr 2024