Paylaş

Ölkəmizdə “KOB-ların rəqəmsallaşması” proqramı fəaliyyətə başlayıb

30 sentyabr 2024

Xəbərlər

30 sentyabr tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşlığı ilə “KOB-ların rəqəmsallaşması” proqramının açılış mərasimi baş tutub.
Proqramın əsas məqsədi KOB-ların rəqəmsal alətlərdən və qabaqcıl texnologiyalardan faydalanaraq, rəqabət qabiliyyətini artırmaq və bazar imkanlarını genişləndirməkdir.
Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, eləcə də KOB-lar iştirak ediblər.
Tədbirin rəsmi açılış mərasimində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov çıxış edib. Daha sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, “KOB-ların rəqəmsallaşdırılması” proqramının rəhbəri Elturan Əhmədbəyli çıxış ediblər.
Elturan bəy daha sonra proqramın mərhələləri haqqında olan video-çarxı təqdim edib. Hal-hazırda proqramın 3-cü mərhələsi icra edilir. Daha sonra o, “KOB-ların rəqəmsallaşması” proqramının “digiMATE” və “DIGI30” kimi layihələri haqqında ətraflı məlumat verib.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində KOB-ların rəqəmsal yetkinliyi qiymətləndirilərək, ehtiyaclarına uyğun fərdi yol xəritələri hazırlanacaq. KOB-ların rəqəmsal inkişafını sürətləndirmək məqsədilə yaradılmış “digiMATE” platforması artıq 2024-cü ilin avqust ayından etibarən istifadəyə verilib.