KOBSKA və Kapital Bank ASC arasında əməkdaşlıq haqqında memorandum imzalandı

19 dekabr 2022-ci ildə “Kapital Bank” ASC və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) arasında əməkdaşlıq haqqında memorandum imzalandı.

Əməkdaşlığın əsas məqsədi, mikro sahibkarlığın inkişafına təkan verəcək layihələrin birgə işlənib hazırlanması, mikro, kiçik və orta sahibkarlıq mövzusunda beynəlxalq və yerli tədbirlərdə iştirak və bu tipli tədbirlərin ölkədə birgə təşkili, həmçinin müxtəlif maarifləndirici fəaliyyətlərin təşkilindən ibarətdir.

Memorandumu imzalayan məsul şəxslər, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova və “Kapital Bank” ASC Korporativ və KOS satışlar idarəsinin Kiçik və orta sahibkarlarla iş departamenti, KOS satışlar şöbəsinin rəisi Elçin Mustafayev bu əməkdaşlığın tərəflərin sahibkarlığa dəstək mexanizmini daha da gücləndirəcəyini vurğuladılar. Həmçinin əməkdaşlığı gücləndirmək məqsədilə 2023-cü ildə “Kapital Bank” ASC-nin və KOBSKA-nın Fəxri Partnyoru olması da nəzərdə tutulur.

Onu da qeyd edək ki, “Kapital Bank” ASC ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Sahibkarların daha rahat maliyyələşməsi, güzəştli biznes kreditlə təmin olunması, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə məsafədən ala bilməsi üçün bir sıra işlər görür.