Son beynəlxalq araşdırmalar göstərir ki, Azərbaycanda daha çox sahibkara, daha çox innovasiyaya və daha çox inkişaf edən biznes mühitə ehtiyac var. Ölkədə sahibkarların üzləşdiyi problemlərin araşdırılması və bunların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin qənaətbəxş olmaması bu sahədə hələ də problemlərin və maneələrin olmasından xəbər verir. Çünki bazar iqtisadiyyatına keçid dövründə sahibkarların fəaliyyətinə normal şərait yaratmadan, iqtisadiyyatı liberallaşdırmadan, bazarda inhisarı və haqsız rəqabəti aradan qaldırmadan, özəl sektorun dəstəklənməsinə, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ardıcıl və sistemli tədbirlərin, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq mümkün deyildir. Bu reallığın düzgün qiymətləndirilməsi həm də sahibkarlığın inkişafının təmin olunmasına xidmət edən əməli tədbirlərin görülməsi deməkdir.
Üstünlüklərimiz
Sahibkarlıq sahəsində aparılan islahatlar və nəticələr
Etiraf etməliyik ki, Azərbaycanda istehsal olunan məhsulda kiçik və orta biznesin xüsusi çəkisi, eləcə də qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair bu cür mühüm göstəricilər üzrə sahibkarlığın payı sosial-iqtisadi inkişafa güclü təkan verə bilmir və sahibkarlığın inkişafına mane olur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Bu amillər arasında daha ciddi xarakter daşıyan məmur müdaxilələri, sağlam rəqabət mühitinin yetərli səviyyədə olmaması, kredit resurslarının bütün sahibkarlar üçün eyni dərəcədə əlçatan olmaması, vergi yükünün ağırlığı, habelə hüquqi-normativ baza sahəsindəki çatışmazlıqları sadalamaq olar. Kiçik və orta biznesin fəaliyyətinin səmərəli olması üçün onun beynəlxalq göstəricilərə çatdıırlması çox önəmlidir. Elə buna görə də KOBSKA Azərbaycanda sahibkarlığın inkişafını ən önəmli məsələlərindən biri kimi görür. Biz sahibkarlığın inkişafına dəstək mexanizminin yaradılmasında, ixrac əməliyyatlarının maliyyələşdirilməsində, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsində və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində hər bir üzvümüzə kömək etməyə hazırıq.
Rəqabət qabiliyyətli fəaliyyət
Bütün dünyada olduğu kimi, Azərbaycanda da sahibkarlıq sektoru üçün səmərəli və rəqabət qabiliyyətli liberal bazar mühitin yaradılması onun inkişafını tətikləyən önəmli şərtlərdən biridir. Sahibkarların vergi yükünün azaldılması, daxili investisiyaların stimullaşdırılması, subyektlərinin fəaliyyətinə nəzarətedici və yoxlayıcı orqanlar tərəfindən əsassız müdaxilənin aradan qaldırılması, lisenziyalaşdırılan fəaliyyət növlərinin azalması, iqtisadiyyatın liberallaşmasının dərinləşməsi rəqabətli bazarın formaşalmasına yol açır. Biz KOBSKA olaraq sağlam rəqabətin və əmtəə bazarının inkişafı üçün hər bir sahibkara dəstək olmağa hazırıq.
Maliyyə resursları - inkişafın stimulu
Sahibkarlığın sürətli inkişafının maliyyələşdirilməsi ölkəyə xarici investisiyaların axınını təmin edir. Bu maliyyə resursları həm özəl investorlar, həm də beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılmasından keçir. KOBSKA sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirmək, investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək üçün hər bir üzvünə kömək edə bilər. Beləcə KOBSKA ölkənin ixrac potensialının gücləndirilməsinə, Azərbaycan sahibkarının ölkə daxilində regionlararası, eləcə də qonşu ölkələrlə əlaqələrinin genişləndirilməsinə yönəlmiş bir sıra tədbirlər təklif edir.
Məlumatlılıq və yeni sahibkarlıq təfəkkürü
Sahibkarların təşəbbüskarlığının, hüquqi biliklərinin artırılmasına, informasiya təminatının gücləndirilməsinə, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsinə və artırılmasına, eləcə də müasir dünyada ən lazımlı olan rəqəmsal bacarıqların öyrənilməsinə istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması özəl sektorun inkişafı üçün top prioritetdir. KOBSKA inanır ki, müasir dünyada ilk növbədə yeni sahibkarlıq təfəkkürünü stimullaşdırmaq lazımdır. Buna görə də KOBSKA daha çox sahibkarlıq münasibətlərinin, məlumatlılığın və tələb olunan rəqəmsal bacarıqların təşviqində geniş imkanlar təklif edir. KOBSKA biznes dünyasına qoşulmaq üçün ən vacib hesab olunan rəqəmsal bacarıqlara yiyələnmək üçün sahibkarlara öz bacarıqları üzərində işləməyə kömək edir.
Yerli və xarici investorlarla əlaqələrin qurulması
Böyüməyi və uğur qazanmağı istəyən hər bir şirkət üçün düşünülmüş investor əlaqələri çox vacibdir. Düzgün investor əlaqələri şirkətin nüfuzunu artırmağa, əsas mesajı verməyə, etibarı artırmağa kömək edə bilər. KOBSKA Sizə şirkətinizi dəstəkləyəcək yerli və xarici investorlarla əlaqələrin qurulması üçün diqqətlə tərtib edilmiş proqramlar təklif edir. Bu məqsədlərə çatmağa kömək etmək üçün KOBSKA Sizin investorlarla əlaqələr strategiyanızın hazırlanmasında Sizə dəstək göstərir.
İnvestorlarla görüş planı
İnvestorlarla əlaqələr qurulan zaman investor kimi cəlb etmək istədiyiniz şəxslər də daxil olmaqla, analitiklər və investorlarla görüşmək üçün diqqətlə hazırlanmış planı əhatə etməlidir. Bu plana konfranslarda iştirak, investor günlərinin keçirilməsi və ya səfərlərin sayı, eləcə də şirkət adından çıxış edən şəxsin müəyyən edilməsi, rəsmi təqdimatın və şirkətin əsas mesajının/hekayəsinin hazırlanması və suallara cavab verilməsinə hazırlıq daxildir. KOBSKA üzv sahibkarlar üçün investorlar qarşısında etibarlı bir imicin formalaşdırılması üçün görüş cədvəlinin təyin edilməsində və ona mütəmadi əməl olunmasında maraqlıdır. Biz KOBSKA olaraq Sizin üçün tədbirlərdə və fərqli coğrafi məkanlarda müxtəlif növ investorlarla görüş üçün əvvəlcədən planların hazırlanmasında peşəkar kömək təklif edirik.
Araşdırma və hazırlıqlar
İnvestorlarla görüş, biznes ideyanızın təqdim edilməsi, maliyyə vəsaitlərinin əldə edilməsi bir sahibkar və ya startap üçün olduqca önəmlidir. KOBSKA üzv olan sahibkarlara bu görüşlərin uğuru üçün araşdırma və hazırlıqlar apararaq təməl yaradırıq və vasitəçi oluruq. Hətta maliyyələşdirməni təmin etdikdən uzun müddət sonra sahibkarla investorları ilə müntəzəm görüşlər keçirməkdə dəstək oluruq. Bu görüşlər zamanı sahibkarların necə fəaliyyət göstərdikləri, gələcək planları və proqnozları və yatırılan pulun necə xərcləndiyi bir daha nəzərdən keçirilir. İnvestorlarla əlaqələrin qurulması zamanı danışıqlar prosesinin dəstəklənməsi, o cümlədən kommersiya yazışmalarının, telefon danışıqlarının və (və ya) videokonfransdan istifadə etməklə danışıqların aparılması, işgüzar danışıqların aparılmasına köməklik, o cümlədən ardıcıl tərcümə də bizim tərəfimizdən təşkil olunur.
İnvestorları anlamaq
İnvestorlarla görüşdən sonra onların şirkətiniz haqqında öz səmimi fikirlərini anonim şəkildə bölüşməsi şirkətin bazardakı yerini müəyyənləşdirməyə kömək edə bilər. KOBSKA potensial investorlarda bu fikirlərin və təəssüratların toplanmasında investisiya cəlb etmək istəyən üzv şirkətlərə yardım edir. KOBSKA şirkət keyfiyyətlərinə dair investor fikirlərini öyərnmək üçün suallardan ibarət sorğunu elektron poçtla, ardınca isə telefon danışıqları vasitəsi ilə əldə edilməsində vasitəçi olur.