“BYF EduExpo 2022” Təhsil Sərgi Yarmarkası

Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Özəl Təhsil müəssisələri Assosiyasının tərəfdaşlığı ilə “Gələcəyini inşa et!” devizi altında “BYF EduExpo 2022” təhsil sərgi-yarmarkası keçiriləcək.

30 sentyabr – 2 oktyabr 2022-ci il tarixlərində “JW Absheron Marriott” otelində baş tutacaq sərgidə 50-dən artıq şirkətin iştirakı gözlənilir.  Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, sərgi iştirakçıları üçün B2B və B2C görüşlərə yer veriləcək.

 

Qeyd edək ki, ölkədə müxtəlif yerli və xarici universitetlərin sərgisi təşkil edilib, lakin qeyri-formal təhsil sahəsi ilə məşğul olan, xarici dil kursları, psixologiya və inkişaf mərkəzləri, özəl uşaq bağçası və məktəblərin cari formada sərgisi keçirilməyib.

Bu səbəbdən də layihənin icrasında əsas məqsəd təhsil istiqamətli xidmət (qeyri-formal təhsil, kurslar, psixoloji xidmət, fərdi inkişaf, özəl təhsil, bağça və s.) göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.

 

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, həmçinin bilavasitə aparıcı ali təhsil müəssisələrinin müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı təqdim ediləcəkdir.

 

Sərgi haqqında ətraflı məlumat əldə etmək, eləcə də qeydiyyatdan keçmək üçün www.BYFeduexpo.kobska.az saytından istifadə etmək mümkündür.

Sərgidə iştirak ziyarətçilər üçün tam sərbəstdir.

 

Sərginin baş sponsoru təhsil sahəsində daim innovativ layihələr həyata keçirən və müxtəlif istiqamətlərdə göstərdiyi fəaliyyətlə fərqlənən Anadolu Universitetinin Azərbaycan filialı, “MiniBoss Business School”, sponsorlar : Beynəlxalq Təhsil Mərkəzi, İndigo Print House , “Slavyanka” su brendi- Gədəbəy Mineral Suları MMC, və Hədəf Group-dur.